Oktyabrın 24-də keçirilən prezident seçkilərində Liberal-Demokrat Partiyasından indiki dövlət başçısı Şavkat Mirziyoyev seçicilərin 80,1 faizinin səsini qazanaraq qələbə çalıb.
Bu haqda Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev Daşkənddə keçirilən mətbuat konfransında məlumat verib. O deyib ki, seçkilərdə səs hüququ olan 19,86 milyon seçicinin 16,36 milyonu iştirak edib ki, bu da seçicilərin 80,8 faizi deməkdir.
Prezident kreslosu uğrunda mübarizə aparan Xalq-Demokratik Partiyasından Maqsuda Varisova səslərin 6,6 faizini toplayaraq ikinci, “Milli Dirçəliş” Demokratik Partiyasından Əlişir Kadırov 5,5 səslə üçüncü yerdədirlər. Ekoloji Partiyadan Narzulla Oblomuradov 4,1 faiz, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov 3,4 faiz səs toplayıb.
Qeyd edək ki, Özbəkistanda son prezident seçkiləri 2016-cı ilin dekabrında keçirilib və Şavkat Mirziyoyev seçicilərin 88.61 faizinin səsini toplayıb. Özbəkistanda Prezident 5 il müddətinə seçilir.