Ermənistan Respublikasının yüksək texnoloji sənaye naziri Vahagn Xaçaturyan İtaliya Respublikasına işgüzar səfəri çərçivəsində İtaliyanın iqtisadi inkişaf naziri Cankarlo Giorgetti ilə görüşüb. Bu barədə Ermənistanın İtaliyadakı səfirliyi məlumat yayıb.
Giorgetti Ermənistan nümayəndə heyətinin səfərini alqışlayıb və bunun tərəfdaşlıq üçün möhkəm zəmin yaradılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. Bu kontekstdə nazir Ermənistan-İtaliya hökumətlərarası komissiyasının işinin intensivləşdirilməsini vurğulayıb.
Vahagn Xaçaturyan qonaqpərvərliyə görə təşəkkür edib və Ermənistan-İtaliya hökumətlərarası komissiyasının iclasının ən qısa zamanda təşkil olunması üçün işləməyə hazır olduğunu bildirib.
Görüş zamanı iki ölkə arasında yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanları, birgə proqramların həyata keçirilməsi, eləcə də əməkdaşlığın inkişafı gündəliyi müzakirə edilib.