Oktyabrın 21-də ER xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Keren Donfridlə telefon danışığı aparıb.
Həmsöhbətlər Ermənistan-Amerika dialoqunun inkişaf dinamikasından məmnunluq ifadə ediblər, xüsusilə demokratiya, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi və korrupsiyaya qarşı mübarizə sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Ararat Mirzoyan və Keren Donfrid müxtəlif platformalar, o cümlədən Ermənistan-ABŞ Strateji Dialoqu (USASD) çərçivəsində atılacaq addımları müzakirə ediblər.
Tərəflər regional təhlükəsizlik məsələlərinə də toxunublar. Hər iki tərəf ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini vacib sayıb.
44 günlük müharibənin yaratdığı humanitar məsələlərə toxunan nazir Mirzoyan ilk növbədə Azərbaycanda qanunsuz olaraq saxlanılan erməni hərbi əsirlərin və mülki girovların vətənə qaytarılması məsələsini vurğulayıb.