Azərbaycan Dövlət Gömrük Komitəsi İran tərəfinin Bakının İrandan Rusiyaya mal ixracına bilərəkdən maneçilik törətdiyi barədə iddialarını əsassız və yalan adlandırıb.
Öz növbəsində, Azərbaycan Gömrük Komitəsi İran yük maşınlarının saxlanması haqqında iddiaları təkzib edib. Komitənin 19 oktyabr tarixli məlumatında deyilir ki, oktyabrın 15-dən 16-na qədər 10 saat ərzində İran tərəfində kompüter sistemində yaranan nasazlıq və bu müddət ərzində yük avtomobillərinin keçidinin təmin edilməməsi, eləcə də İranın Astara şəhərində meyvə-tərəvəz anbarlarında yükləmə-boşaltma əməliyyatlarında mövcud olan uzun növbələr sıxlığın yaranmasına səbəb olub.
“İran tərəfindəki problemlərdən qaynaqlanan sıxlıqda Azərbaycanı günahlandırmaq və buna siyasi don geyindirmək yolverilməzdir”, - deyə məlumatda bildirilir.