İranın Ərdəbil şəhərində 2020-ci ildə Azərbaycana dəstək aksiyasında iştirak edən 12 fəal həbs edilib. Oktyabrın 9-da yerli məhkəmə onları ümumiliklə 15 il azadlıqdan məhrum edib və 888 şallaq cəzası verib. Bu barədə “Amerikanın səsi” radiosu insan hüquqları üzrə HRA xəbər agentliyinə istinadən bildirib.
Ərdəbil məhkəməsinin məlumatında deyilir ki, Pərviz Siyabi, Hüseyn Balxanı, Murtaza Pərvin, Həmid Heydəri, Məhəmməd Çolani Ocaq, Mustafa Pərvin, Sübhani Baxşi, Mehdi Huşmand, Bəhmən Xeyirçi, Mujtaba Pərvin, Əsgər əkbərzadə və Sacad Çolani hər biri 14 ay və 32 gün həbs cəzasına və şallaq zərbəsinə məhkum edilib.
Onlar "polisə qarşı qiyam törətməkdə" və "iğtişaşlar təşkil etməkdə" ittiham olunublar. Həmin şəxslərə qarşı məhkəmə sentyabrın 26-da Ərdəbil Cinayət Məhkəməsində başlayıb.
Xatırladaq ki, 29 sentyabr 2020-ci il tarixində İkinci Qarabağ Müharibəsinin başlanması ilə əlaqədar Ərdəbil şəhər parkında yerli azərbaycanlılar Azərbaycan SQ ilə həmrəylik aksiyası təşkil etmişdilər. Aksiya zamanı və sonra onlarla adam saxlanılıb.