Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir neçə üzvünün saxlanıldığı bildirilir.
Hadisə oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binası önündə baş verib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi AXCP fəalı Niyaməddin Əhmədovun işinə baxıb. Saxlanılan 6 nəfər də məhkəməyə buna görə gəlib. Bakı Ağır Cinayətlər Məhkəməsi önündə saxlanan fəallardan bir çoxu Şamaxı rayonuna gedən yolda sərbəst buraxılıb. Əsasən qadınlardan ibarət olduğu deyilən bu fəallara fiziki zor tətbiq edildiyi də bildirilir, azadliq.org yazıb.
Oktyabrın 8-də Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev Xalq Cəbhəsi Partiyasının üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. O, "terrorizmin maliyyələşdirilməsi"ndə təqsirli bilinib.
Əhmədov son sözündə bütün ittihamları rədd edib, onları əsassız adlandırıb. Müttəhimin doğmaları və yaxınları, eləcə də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri zala buraxılmayıblar.