Əgər İranın Azərbaycanda səfirliyi varsa, İranın dini lideri Ayətullah Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın ölkəmizdə fəaliyyət göstərməsinə heç bir ehtiyac yoxdur. Bunu Trend-ə Azərbaycan Milli Məclisinin deputatı Fəzail Ağamalı deyib.
“Yayılan məlumatlar da göstərir ki, son günlər İranın Azərbaycana qarşı təhdid və təzyiqləri dövründə Ocaq Necati dindarları öz ətrafında toplayaraq sosial şəbəkələrdə Azərbaycana qarşı təhdidlər yaymaqla məşğul olub. Bu məlumatlar araşdırılmalıdır və onun Azərbaycanda fəaliyyətinə son qoyulmalıdır.
Biz haqlı mövqedəyik. İranın Azərbaycana qarşı hətta erməni qədər düşmənçilik mövqeyi, onların hədə-qorxu xarakterli bəyanatları və Azərbaycanla sərhəddə hərbi təlimlərin keçirilməsi Azərbaycana qarşı düşmənçilik və qərəzli mövqenin ifadəsidir və bu, Azərbaycan cəmiyyəti tərəfindən qınanılır.
Azərbaycan güclü dövlətdir və Azərbaycana qarşı hədə-qorxu ilə nəyəsə nail olmaq mümkün deyil. İran Azərbaycan dövlətinin xalqın iradəsinə söykənən birmənalı mövqeyini nəzərə almalı və özünün məkirli planından əl çəkməlidir”, - deyə Ağamalı qeyd edib.
Qeyd etmək lazımdır ki, İran İslam Respublikasının Ali Rəhbəri Azərbaycanın dindar şiə əhalisi arasında böyük nüfuza malikdir. Azərbaycan hakimiyyəti onun Bakıdakı ofisini bağlamaqla, Azərbaycan şiələrinin mənəvi lideri ilə əlaqəsini kəsir və dini faktoru ikitərəfli münasibətlərdən uzaqlaşdırır.