Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahianın görüşündən sonra Moskvada birgə mətbuat konfransı keçirilib və tərəflər Cənubi Qafqazdakı vəziyyətə toxunublar. İranın xarici işlər naziri qeyd eidb ki, İran qonşularına münasibətləri inkişaf etdirmək məqsədi güdür. Hüseyin Əmir Abdullahian bölgədəki qanunsuz tələblərə artıq dözməyəcəklərini vurğulayıb:
“Təbii ki, Qafqazdakı geosiyasi dəyişikliklərə, xəritədəki dəyişikliklərə dözməyəcəyik. Bu bölgədə sionist terrorçuların olması ilə bağlı ciddi narahatlığımız var. İranın bölgədəki təhlükəsizliyi naminə qonşularımıza dost bir mesaj göndəririk və bütün bölgə xalqlarının maraqlarına uyğun olaraq çoxtərəfli əməkdaşlığı gözləyirik".
Müxbirin Cənubi Qafqazdakı vəziyyətlə bağlı sualını cavablandıran Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiyanın sülhməramlılarının Dağlıq Qarabağda olmasının bölgədə sülhün qorunmasına və normal həyatın bərpasına kömək etdiyini qeyd edib. Lavrov münaqişənin gələcək nizamlanmasında nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin blokadadan çıxarılmasını vacib sayıb:
"Cənubi Qafqaz ətrafında cərəyan edən hadisələr kontekstində Azərbaycan, Ermənistan, Gürcüstana, İran, Rusiya və Türkiyənin daxil olacağı "3+3” formatının yaradılması təşəbbüsünü müzakirə etdik. İran bu təşəbbüsə müsbət yanaşır, eyni mövqeyi Azərbaycan və Türkiyədə də müşahidə edirik. Hazırda ermənistanlı həmkarlarımızla işləyirik. Hesab edirik ki, yaşadığı problemlərə rəğmən Gürcüstan da regionun sürətli inkişafı üzrə bu cür konsultasiyalar mexanizminin yaradılmasında öz marağını görə biləcək. Biz regionda hərbi aktivliyin artırılmasına, təxribatçı təlimlərə qarşıyıq", - deyə Lavrov qeyd edib.