Azərbaycan KİV-ləri yazır ki, ötən gün polis jurnalist və ictimai fəal Anar Abdullayevi saxlayıb.
Onun həmkarı Mina Əlyarlı Turan-a bildirib ki, oktyabrın 5-də iki dəfə polis əməkdaşları jurnalistin evinə gedərək Nərimanov Rayon Polis İdarəsinə gəlməyi tələb ediblər. O vaxt Abdullayev evdə olmayıb.
Saat 16.00-da o, Nərimanov Rayon Polis idarəsinə gedib, telefonunu yaxınlarına verib.
Bir müddət sonra onun mobil telefon zəng ediblər və yaxınlarından tələb ediblər ki, telefonu 18-ci polis bölməsiə gətirsinlər. Onun özünü həmin şöbəyə aparıblar.
"Polisdən bildirdilər ki, Anar 535.1-ci (polisə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə inzibati xətalar törətməkdə ittiham olunur. Ancaq biz hesab edirik ki, bunlar uydurma və siyasi cəhətdən əsaslandırılmış ittihamlardır. Anar polisə özü gedib, necə tabe olmaya bilərdi?",- Əlyarlı deyib.
Yaxınları hesab edirlər ki, Abdullayevi sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə saxlayıblar. Anar Abdullayev bundan öncə də etiraz aksiyalarının işıqlandırılması zamanı saxlanılıb.