Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (BAJK) oktyabrın 3-də ofşor şirkətlərə dair
“Pandora Sənədləri” adlı sənədləri yaydı.
Oşfor şirkətlərə dair “Pandora Sənədləri” adlı sızdırılmış fayllarda 35 indiki və keçmiş liderin, eləcə də 300-dən çox məmurun adları çəkilir. Bu barədə “Azadlıq” Radiosu məlumat yaydı.
Araşdırmaya görə, Azərbaycan Prezidenti İlham Əliyev və yaxınları ofşor şirkətlər vasitəsilə Britaniyada, əsasən də Londonda təxminən 700 milyon dollarlıq əmlak əldə ediblər. Bunu BAJK tərəfdaşı olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi bildirir.
Əmlakların çoxunun nağda alındığı qeyd edilir.
BBC sənədlərə istinadla Əliyevlərin 17 mülk əldə etdiyini xəbər verir.
Əliyevin oğlu Heydər hələ 11 yaşı olanda Londonun Meyfer səmtində dörd binaya sahiblənib. 44.7 milyon dollarlıq blok prezidentin ailə dostuna məxsus şirkət tərəfindən alınıb və bir ay sonra Heydərin adına keçirilib.
Beş il öncə, 2016-cı ildə “Panama Sənədləri” adlı araşdırma yayılmışdı. O zaman 14 maliyyə xidməti şirkətinin 12 milyona yaxın gizli sənədi əldə olunmuşdu. Şirkətlər Vircin adalarında, Panamada, Belizdə, Kipr, BƏƏ, Sinqapur, İsveçrədə qeydiyyatdan keçmişdilər.
150 media orqanından 600-dən çox jurnalist iki il ərzində sənədləri araşdırmış, mənbələrin, məhkəmə fayllarının izinə düşmüşdülər.
“Panama sənədləri”ndə Prezident İlham Əliyev ailəsinə məxsus şirkətlərlə bağlı bir neçə araşdırma vardı.
İndiyədək hakim ailənin ofşor sərvətilə bağlı rəsmi açıqlama verilməyib.