Azərbaycanda hökumət üzvləri hazırkı hakimiyyət dövründə ölkədə yoxsulluq səviyyəsinin azaldılmasını tez-tez, həm də sevinclə səsləndirirlər. Baş nazirin müavini və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olan Əli Həsənov 2017-ci ildə mətbuata açıqlamasında bildirmişdi ki, 2020-ci ildə ölkədə bircə nəfər də yoxsul qalmayacaq, "azadliq.org" yazır.
Amma iqtisadi çətinliklərlə keçən ötən il ərzində 9 il sonra yoxsulluq göstəricisində də artım müşahidə edilib. Əgər 2019-cu ildə rəsmi rəqəmlər ölkə əhalisinin 4.8 faizinin yoxsul olduğunu bildirirdisə, 2021-ci ilin əvvəlində bu rəqəm 6.2 faizə yüksəlib. Yəni, 1 il ərzində yoxsul sayılan şəxslərin sayı 30 faizə yaxın artıb. Bu, həm də 2011-ci ildən sonra yoxsulluğun səviyyəsinin çatdığı ən yüksək həddir. Yaşanılan ilin əvvəlində ölkə əhalisinin təxminən 10 milyon 120 min nəfər olduğunu nəzərə alsaq, deməli, hökumət meyarlarına görə, ölkədə təxminən 630 min yoxsul şəxs var.
Ancaq müstəqil ekspertlər Azərbaycanda yoxsulluq göstəricisi ilə bağlı açıqlanan rəsmi rəqəmlərə birmənalı yanaşmırlar. Buna əsas səbəb Azərbaycanda yoxsulluq ölçülərinin dünya standartlarından geri qalmasıdır. Hətta Dünya Bankı da 2019-cu ildə yayımladığı hesabatında Azərbaycanda yoxsulluq göstəricisinin hökumətin açıqladığı rəqəmdən təxminən beş dəfə çox - 24 faiz olduğunu açıqlamışdı.