Hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin geri qaytarılması Dağlıq Qarabağ məsələsinin hərtərəfli siyasi nizamlanması üzrə danışıqlar üçün müsbət fon yaradacaq. Bunu ER Baş naziri Nikol Paşinyan Litva Baş naziri ilə birgə mətbuat konfransında bildirib.
“11 yanvar üçtərəfli bəyanat əsasında yaradılan Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupumuz var. Xatırladım ki, bu bəyanat bölgədə nəqliyyat və iqtisadi kommunikasiyaların açılması haqqındadır və bu, 9 noyabr bəyanatının 9-cu bəndindən irəli gəlir. Təəssüf ki, bu günə qədər açıq deyillər, çünki bəzən bu məntiqdən kənara çıxan şərhlər edilir.
Bu gün Ermənistanla Azərbaycan arasındakı dəmir yolları və avtomobil yolları açılmalı idi və ya açılmaq ərəfəsində olmalı idi. Ümid edirəm ki, bu məsələdə də irəliləyişə nail ola biləcəyik. Amma bütün bunların kontekstində 9 noyabr bəyanatında açıq şəkildə qeyd olunan humanitar məsələni vurğulamaq istəyirəm ki, əsir, girov və digər saxlanılanlar bu vaxta qədər geri qaytarılmalı idi, amma təəssüf ki, geri qaytarılmadı. Düşünürəm ki, hərbi əsirlərin, girovların və digər saxlanılanların geri qaytarılması müəyyən müsbət fon yaradacaq və sərhədlərin demarkasiyası-delimitasiyası, regional kommunikasiyalar, Dağlıq Qarabağın hərtərəfli siyasi həlli ilə bağlı danışıqlar daha səmərəli olacaq”,-Paşinyan qeyd etdi.