Dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı ikitərəfli gündəliyin aktual məsələləri, o cümlədən yüksək səviyyəli görüşlərin keçirilməsi müzakirə olunub. İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 20-ci iclası və 8-ci Regionlararası Forumun keçirilməsinə dair müzakirələr aparılıb.
Rusiya və Ermənistan XİN rəhbərləri regional sabitlik və təhlükəsizlik məsələləri, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə olunan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi barədə də danışıblar.
Nazirlər Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların bərpası, etimad tədbirlərinin təşviq edilməsi və qonşular arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının bölgədəki vəziyyəti daha da normallaşdıracağına dair yekdil fikir ifadə ediblər.
Telefon danışığı zamanı əsirlərin geri qaytarılması və mədəni irs abidələrinin qorunması kimi aktual humanitar problemlərin ardıcıl həllinin vacibliyi vurğulanıb.
Rusiya tərəfi Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün nəticələrindən məmnunluğunu ifadə edib.
Nazirlər Ermənistanın KTMT-də sədrliyi çərçivəsində qarşılıqlı əlaqələri, həmçinin BMT və ATƏT daxil olmaqla beynəlxalq platformalarda atılacaq addımların əlaqələndirilməsi barədə fikir mübadiləsi aparıblar.