Azərbaycan prezidenti İlham Əliyev İran silahlı qüvvələrinin Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə təəccübləndiyini bildirib. Bu barədə Əliyev 44 günlük müharibənin ildönümü ilə əlaqədar Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibədə deyib.
“30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdır. İlk növbədə, deməliyəm ki, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur, söz ola bilməz. Ancaq, eyni zamanda, bunu bir zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdır. Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan ictimaiyyəti verir”- Əliyev qeyd edib.
Əliyev İran ordusunun təlimlərini Azərbaycanın Ermənistan-İran dövlətlərarası yük maşını sürücülərinə "yol vergisi" tətbiq etmək qərarına "emosional reaksiya" kimi qiymətləndirib.