ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ), İgor Xovayev (RF) bəyanat yayıblar:
“BMT Baş Assambleyasının 76-cı sessiyasının ümumi müzakirələri çərçivəsində Minsk Qrupunun həmsədrləri Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ayrı-ayrı görüşlər keçiribər. Həmsədrlər iki xarici işlər nazirinin iştirakı ilə birgə görüş keçiriblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edib.
Həmsədrlər Ermənistanla Azərbaycan arasında həll olunmamış məsələləri müzakirə ediblər. Həmsədrlər, vəziyyətin deeskalasiyası üçün aydın məqsədyönlü tədbirləri və mümkün addımları təklif ediblər. Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun komandası tərəfindən həyata keçirilən bütün lazımi tədbirlər və hərəkətlərə davamlı dəstəyini bir daha ifadə ediblər.
Sentyabrın 24-də həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi BMT baş katibinin siyasi və sülh məsələlər üzrə müavini Rozmari Dikarlo və ATƏT-in fəaliyyətdə olan sədri, xarici işlər naziri Ann Linde ilə görüşüb, son inkişaflar daxil olmaqla, onlara keçmiş ildəki səyləri təqdim edib.
Həmsədrlər hər iki ölkənin xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından bəri keçirilən ilk görüşünü iki ölkənin bölgədə təhlükəsizliyə, sabitliyə və rifaha töhfə verməyi hədəfləyən birbaşa dialoq yolu ilə yenidən sülh prosesinə qayıtmaq əzminin əlaməti olaraq alqışlayıblar. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri ilə bağlı bütün digər məsələlərin hərtərəfli həlli yollarını tapmaq üçün mandatlarına uyğun olaraq tərəflərlə işləməyə davam edəcəklərinə sadiq olduqlarını bir daha təsdiqləyirlər".