Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Lavrov Mirzoyana xarici işlər naziri olaraq Moskvaya ilk səfərinə görə təşəkkürünü bildirib.
Görüş zamanı Ararat Mirzoyan bildirib ki, Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair noyabrın 9 -da imzalanmış üçtərəfli atəşkəs bəyanatının müddəalarını yerinə yetirməyən Azərbaycanın destruktiv siyasəti səbəbindən Cənubi Qafqazda gərginlik qalmaqdadır.
O əlavə edib ki, daim yeni saxta gündəmlər yaradan rəsmi Bakı, öhdəliklərini yerinə yetirməkdən imtina edir, xüsusən də bütün əsirləri və zorla axlanılan şəxsləri qaytarmır.
“Bölgədəki sülh və sabitlik bizim strategiyamızdır, bu istiqamətdə fəal dialoqa hazırıq. Lakin Azərbaycanın dağıdıcı siyasəti səbəbindən bölgədəki vəziyyət olduqca gərgindir. Bildirmək istərdim ki, Bakı 9 noyabr 2020-ci il tarixli Vladimir Putinin şəxsi səyləri nəticəsində əldə edilmiş üçtərəfli bəyanatda Ermənistan, Rusiya və Azərbaycan liderlərinin götürdüyü öhdəlikləri yerinə yetirmir. Üstəlik, bütün beynəlxalq hüquq normalarını pozaraq mayın 12-də olduğu kimi Azərbaycan Ermənistanın suveren ərazisinə açıq şəkildə təxribatçı hərəkətlər edir", - deyə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.