Ermənistan və bölgə üçün dinc inkişaf dövrünün açılması hökumətin ən böyük missiyasıdır. Bunu ER Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, hökumət dərk edir ki, bu problemin həlli təkcə Ermənistan Respublikasından deyil, həm də regionun digər ölkələrinin münasibətindən və istəyindən asılıdır.
“Ən vacib məsələ Ermənistan və Artsax təhlükəsizliyinin təmin olunmasıdır. Bəs hökumət bu təhlükəsizliyi necə təmin edəcək? Bu məqsədə çatmaq üçün hökumət ilk növbədə Ermənistan və Artsax ətrafında təhlükəsizlik mühitini sabitləşdirmək üçün siyasi-diplomatik vasitələrdən istifadə etmək niyyətindədir. Praktiki baxımdan Ermənistan Respublikası hökuməti ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar prosesinin bərpasını vacib hesab edir və 2020-ci il noyabrın 9-dan sonra həmsədrlərin verdiyi bəyanatları alqışlayır. Bu bəyanatlarda əsasən təxribatçı ritorikadan və addımlardan çəkinməyə, DQ məsələsinin sülh yolu ilə həlli üçün ön şərtlər olmadan ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar prosesinə qayıtmağa çağırılır”,-Paşinyan qeyd etdi.
Onun sözlərinə görə, həmsədrlər münaqişənin həll olunmadığını, məsələnin hərtərəfli həllinin tərəflərə məlum olan prinsiplərə əsaslanmalı olduğunu bildirdilər: Bu prinsiplər - güc və ya güc təhdidi tətbiq etməmək, millətlərin öz müqəddəratını təyin etmək və ərazi bütövlüyüdür.
“Hökumətin 12 avqust iclasında bildirdim ki, Ermənistan ən yüksək səviyyədə danışıqlar prosesində iştirak etməyə hazırdır və biz konkret təklif gözləyirik”,-Baş nazir vurğuladı.