“Rusiyanın Ermənistana silah verməsi onun suveren hüququdur”.
Bunu RF XİN mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova brifinq zamanı bildirib. Mariya Zaxarova əlavə edib ki, “ Rusiyanın həm Azərbaycanla, həm də Ermənistanla müvafiq qarşılıqlı əlaqələri mövcuddur”.
“Cənubi Qafqazdakı vəziyyət hər zaman Rusiyanın diqqət mərkəzindədir. Əlbəttə ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr üçtərəfli razılaşmasının həyata keçirilməsi sözsüz prioritetdir”.
O, Bakı və Yerevanla yüksək və ali səviyyədə təmasların müntəzəm davam etdiyini söyləyib.
M. Zaxarova Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin kompleks sağlamlaşmasının tərəfdarı olduğunu vurğulayıb.
M. Zaxarova bildirib ki, ümumilikdə, Bakı və Yerevanda Rusiya sülhməramlı kontingentinin Qarabağda stabilləşdirici rolunu yüksək qiymətləndirirlər:
“Bizim sülhməramlıların sayəsində regionda vəziyyət yaxşılaşıb. Vəziyyət nisbi sakit olaraq qalır. Ayrı-ayrı insidentlərin qarşısını operativ şəkildə işgüzar qaydada almağa nail olunur. Bu insidentlərin yaranma səbəbi, sözsüz ki, Bakı və Yerevan arasında inamın olmamasıdır. Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə sağlamlaşdırılmasının tərəfdarıdır. Əlbəttə ki, biz bu mövqeyimizi həm Bakının, həm də Yerevanın diqqətinə çatdırırıq. Biz hər iki tərəfi tez bir zamanda mövcud humanitar problemləri həll etməyə, hamının hamıya prinsipi əsasında hərbi əsirləri mübadilə etməyə, minalanmış ərazilərin xəritələrini tam həcmdə verməyə çağırırıq”.
Zaxarova qeyd edib ki, Rusiya dəfələrlə Bakı və Yerevana güc tətbiq etməkdən çəkinməyə, gərginliyi azaltmaq üçün istisnasız olaraq siyasi diplomatik vasitələrdən istifadə etməyə çağırıb.
M. Zaxarova bildirib ki, Rusiya sərhədlərin delimitasiyası və demarkasiyasına dair Azərbaycanla Ermənistan arasında danışıqların tezliklə başlanmasına çağırır.
O qeyd edib ki, Rusiya bu məsələdə lazımı məsləhət yardımı göstərməyə hazırdır: “Biz əvvəlki kimi hesab edirik ki, sərhəddəki problemin uzunmüddətli həlli sərhədlərin delimitasiyasi və demarkasiyası ilə bağlı danışıqlar prosesinə başlamaqdır. Biz bu prosesə lazımi məsləhət yardımı etməyə hazırıq”.
Baş nazirin müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupun bu günlərdə Moskvada keçirilmiş iclasına toxunan XİN sözçüsü qeyd edib ki, tərəflər Cənubi Qafqazda nəqliyyat və təsərrüfat əlaqələrinin açılmasına yanaşmanın praktiki müzakirəsinə qayıtmağa nail olub: “Qrup fəaliyyətini bərpa edib. Avqustun 17-də Moskvada üçtərəfli işçi qrupun iclası keçirilib. Biz məmnunluqla qeyd edirik ki, tərəflər Cənubi Qafqaz regionunda təsərrüfat və nəqliyyat əlaqələrinin açılmasına yanaşmaların praktiki müzakirəsinə qayıtmağa nail olublar”.