Ermənistanı təhdid edən bir çox xarici və daxili problemlər həll olunmamış qalır. ER Baş naziri Nikol Paşinyan bu barədə çərşənbə günü Ermənistan hökumətinin iclasında 2021-26-cı illər üçün hökumətin fəaliyyət planını təqdim edərkən bildirib.
Paşinyan vurğulayıb ki, Ermənistanın xarici təhlükəsizliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistan ətrafında əlverişli regional və beynəlxalq atmosferin yaradılması prioritet olaraq qalmaqdadır.
Baş nazirin sözlərinə görə, hökumətin missiyası Ermənistan və region üçün dinc inkişaf dövrü açmaqdır.
Paşinyan bilduirib ki, Ermənistanda Silahlı Qüvvələrdə miqyaslı islahatlar prosesi başlayıb və gedir. O, ordunu ölkənin xarici təhlükəsizliyinin təminatında əsas amil adlandırıb. Paşinyan fəal xarici siyasət təhlükəsizliyin daha bir zəruri şərti hesab edir.
"Ermənistan bütün ölkələrlə və beynəlxalq təşkilatlarla işləyərək fəal və təşəbbüskar xarici siyasət yürütməlidir",- o əlavə edib.
Paşinyan Ermənistan-Rusiya strateji müttəfiqliyini və respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü Ermənistanın təhlükəsizliyinin mühüm amili hesab edir.
Paşinyan regional sabitlik baxımından Qarabağın yekun statusunun müəyyən edilməsinə yönələn danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilməsinin vacibliyini qeyd edib.
"ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ məsələsilə bağlı danışıqlar prosesinin tam bərpa edilməsinin zəruriliyini dəfələrlə bəyan edib. Biz bu bəyanatları və mövqeyi alqışlayırıq və danışıqlarda yüksək və ali səviyyədə iştirak etməyə hazırıq", - Paşinyan vurğuladı.