Azərbaycan DİN bu ilin birinci yarısında törədilən cinayətlər və cinayətkarlığa qarşı mübarizə ilə bağlı göstəriciləri açıqlayıb. Açıqlamadan aydın olur ki, 2021-ci ilin ilk 6 ayında qeydə alınan cinayət olaylarının sayı son illərlə müqayisədə çoxalıb. Toplam cinayət sayının artması ilə yanaşı, ağır və özəlliklə ağır cinayət sayında da artım gözə çarpır. Burada diqqət çəkən əsas məqam ağır cinayət sayındakı kəskin artımdır – 40 faizə yaxın. Ötən ilin ilk 6 ayında ölkədə 1 min 618 ağır və özəlliklə ağır cinayət törədilmişdisə, bu il həmin müddətdə 2 min 236 bənzər cinayət olayı baş verib. Pandemiyaöncəki dövrlə - 2019-cu illə müqayisə artım faizini daha da yüksəyə -60 faizə qaldıracaq.
“AzadliqRadiosu”nun məlumatına əsasən, rəsmi rəqəmlərdən aydın olur ki, iqtisadiyyatda olduğu kimi, cinayətkarlıq baxımından da paytaxt Bakı və digər bölgələr arasında ciddi fərqlər var. Bu ilin ilk 6 ayı ərzində Azərbaycanın daxili işlər və prokurorluq orqanlarının qeydə aldığı cinayətlərin 42.6 faizi paytaxt Bakının payına düşür.
Bakı şəhəri ilə bağlı diqqətçəkən daha bir məqam burada törədilən ağır cinayətlərin toplam cinayətlər arasındakı xüsusi çəkisinin ölkə ortalamasından daha yüksək olmasıdır.