Əfqanıstan hökumətinin media və informasiya departamentinin rəhbəri Dava Xan Menapal öldürülüb. "Taliban"ın sözçüsü Zabihullah Mucahid Əfqanıstan hökumətinin media departamentinin rəhbəri Dava Xan Menapal qruplaşmanın silahlıları tərəfindən öldürüldüyünü deyib. Menapal media və informasiya departamentinin rəhbəri postundan əvvəl Əfqanıstan Prezidentinin mətbuat katibinin müavini vəzifəsində çalışıb.
ABŞ-ın Əfqanıstandakı müvəqqəti işlər vəkili Ros Uilson öz Twitter səhifəsində yazıb: "Dava Xan Menapalın “Taliban” tərəfindən qəsdən öldürülməsi bizi kədərləndirdi. O, dost və tərəfdaş idi və əfqanlara doğru məlumat çatdırırdı. Bu qətl Əfqanıstanda insan haqları və ifadə azadlığına qarşı yönəlmişdir".