Moskva bu yaxınlarda Ermənistan-Azərbaycan sərhəddində baş verən insidentlərdən ciddi narahatdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantovun cümə günü yayılan şərhində deyilir.
"Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhəddinin ayrı-ayrı sahələrində baş vermiş insan tələfatına səbəb olmuş silahlı insidentlərdən ciddi narahatıq. Həlak olanların ailələrinə başsağlığı verir, xəsarət alanlara və yaralananlara şəfa diləyirik", - məlumatda deyilir.
Moskva Azərbaycanla Ermənistanı sərhəddə vəziyyətin daha da deqradasiyası ilə nəticələnə biləcək istənilən addımdan çəkinməyə çağırır.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhəddində vəziyyət gərgin olaraq qalır. "Tərəfləri vəziyyətin daha da deqradasiyası ilə nəticələnəcək hərəkətlərdən çəkinməyə, yaranmış bütün problemləri siyasi-diplomatik yolla həll etməyə çağırırıq", - Xarici İşlər Nazirliyindən bildiriblər.