Tbilisidə azərbaycanlı müxalif bloger Hüseyn Bakıxanovun ölü tapıldığı bildirilir.
Hadisə ilə bağlı Almaniyada yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlı məlumat yayıb.
İyulun 29-da yaydığı məlumatda jurnalist bildirib ki, Bakıxanov Azərbaycan polisi tərəfindən təqib edilib.
“Hüseyn Bakıxanovun ölümündə müammalar artır. Bu gün məlum olur ki, polis məsələni ciddi şəkildə örtbasdır etmək istəyib. Hadisə ayın 14-də baş verib. Bu müddət ərzində ölüm faktı gizlədilib. Bu gün məlum olub ki, Hüseyn yaşadığı mənzilin binasından yox Rums oteldə 7-ci mərtəbədən yerə düşüb. Dünən isə hadisənin yaşadığı evdə baş verdiyi söylənilirdi.”, – deyə Əfqan Muxtarlı öz “Facebook” hesabında yazıb.
Hüseyn Bakıxanov Bakıda mayın 7-də keçirilən aksiyada həbs edilib, ona 15 sutka inzibati iş kəsilib. Fəal daha öncəki açıqlamalarında polis bölməsində saxlanıldığı zaman işgəncəyə məruz qaldığını bildirmişdi.
Hüseyn Bakıxanov Gürcüstana iyunun əvvəli, azadlığa çıxandan sonra getmişdi. O, Gürcüstan hökumətindən siyasi sığınacaq istəmişdi.