Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Jonathan Lakot “Azatutyun”-a müsahibəsində Yerasx sərhədində yaranmış vəziyyətə toxunub və qeyd edib ki, Fransa sərhəddə baş verənləri izləyir.
“İnsanlar əmin olmalıdırlar ki, Fransa hakimiyyəti Ermənistan-Azərbaycan sərhədində baş verənlər barədə ən yüksək səviyyədə tam məlumatlandırılır. Yerasx eyni zamanda simvolik və strateji bir yerdir. Stratejidir, çünki Yerevana yaxın sərhəddir, simvolikdir, çünki bura dörd dövlətin qovuşduğu yerdir”,-səfir qeyd etdi.
Ermənistan-Fransa arasında müdafiə sahəsində əməkdaşlığa gəlincə, səfir deyib ki, Fransa Ermənistan hakimiyyəti tərəfindən göndərilən bütün müraciətləri araşdırmağa hazırdır.
“Əlbətdə bəzi reallıqları nəzərə almalıyıq. Fransa və Ermənistan eyni hərbi ittifaqların üzvü deyil. Ümumiyyətlə, bizim rolumuz gələcək müharibəyə hazırlaşmaq deyil. Bizim rolumuz yeni qarşıdurmanın qarşısını almaq və bölgədəki problemli məsələlərin son həllinə imkan verəcək siyasi prosesləri dəstəkləməkdir”.
Lakot vurğulayıb ki, Fransanın Ermənistanla bağlı addımlarının əsasında ölkələrimiz arasındakı xüsusi münasibətlər dayanır. “Bununla yanaşı, Fransa, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, münaqişələrin güc yolu ilə həll olunmadığı bir dünya üçün mübarizə aparır. Fransa insanların öz ərazilərində qala biləcəyi bir dünyaya inanır. Fransa münaqişələrin danışıqlar yolu ilə həllinə inanır”.