Müdafiə Xətti - Defense Line hüquq müdafiə təşkilatı Azərbaycanda siyasi və sivil toplum fəallarının, tənqidçi jurnalistlərin şəxsi yazışma və telefon danışıqlarının, hərəkət marşrutunun, görüş və söhbətlərinin, şəxsi həyatının kütləvi kommunikasiya vasitələri üzərindən total izlənməsi ilə bağlı halları ölkədə insan hüquq və azadlıqlarına, demokratik dəyərlərə, media azadlığına və müstəqil sivil toplumun mövcudluğuna vurulan antikonstutision, ictimai təhlükəli davranış hesab edir.
Bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.
Müdafiə xətti bəyan edir ki, göstərilənlər ölkənin konstitusion təməlini sarsıdan qanunazidd kibercinayət hadisələridir və kimlərin etməsindən asılı olmayaraq Azərbaycan Cinayət Məcəlləsinin uyğun maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilməli və məhkəmə önünə çıxarılmalıdır.
Müdafiə Xətti Azərbaycan Baş Prokurorluğundan bu faktlarla bağlı cinayət işi başlamağı, adekvat hüquqi dəyərləndirməni realizə etməyi, məsuliyyət daşımalı olan şəxslərin dairəsinin müəyyənləşdirilərək tam, hərtərəfli və obyektiv araşdırma aparılmasını tələb edir.
Müdafiə Xətti zərər çəkmiş bütün şəxslərin hüquqlarının bərpa edilməsi və zərərə görə kompensasiyalar veriməsi ilə bağlı addımlar atılmasını tələb edir.
Müdafiə Xətti ölkənin konstutision təməlini sarsıdan bu kütləvi qanunsuzluq halları ilə bağlı geniş parlament dinləmələri keçirilməsini, hökumətin ciddi sorğu-sual olunmasını və belə halların qarşısının alınması üçün uyğun qanunvericilik və idarəetmə tədbirləri keçirilməsini tələb edir.
Son günlərdə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) bir sıra ölkələrdə müasir rəqəmsal izləmə texnologiyalarından vətəndaşların telefon və kompüterlərinə müdaxilə etməklə qanunsuz izləmələr həyata keçirmələri barədə faktlar açıqlayır.
Açıqlamalardan bəlli olub ki, Azərbaycan hökuməti terrorizmlə, mütəşəkkil cinayətkarlıqla mübarizə, kəşfiyyat və əks-kəşfiyyat məqsədilə İsrailin NSO GROUP şirkətindən aldığı Pegasus casus proqramı təminatı və avadanlıqları ilə çoxsaylı insanın, xüsusilə, ictimai fəalların, jurnalistlərin, hüquq müdafiəçilərinin telefon və kompüter cihazlarına fasiləsiz müdaxilə edib, onların elektron poçt, WhatsApp, Telegram, Siqnal və s. mesajlaşma mübadilə sistemini, sosial şəbəkə fəaliyyətlərini nəzarətdə saxlayıb.
Sözügedən izləmə kampaniyası çərçivəsində zərərçəkmişlərin sayı Azərbaycanda min nəfər civarındadır ki, bunlardan da bir hissəsinin kimlikləri artıq müəyyən olunub, digərlərininsə telefon nömrələri, elektron poçt ünvanları və s. vasitəsi ilə müəyyənləşdirilməsi istiqamətdə iş aparılır.