Azərbaycanlı iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri Nemət Əliyev bildirib ki, ölkədə işsizlər ordusunun sıraları 5 aya 55,2 min nəfər genişlənib. İşsizlik səviyyəsi daha 18% artıb.
İqtisadçının sözlərinə görə, bu il iyun ayının 1-nə olan vəziyyətə görə Azərbaycanda iqtisadi fəal əhali 62,1 min nəfər, məşğul əhali isə 6,9 min nəfər artıb.
“Yəni, bu ilin 5 ayında iqtisadi fəal əhalinin sıralarına qoşulan əlavə 62,1 min nəfər işçi qüvvəsinin vur-tut 6,9 min nəfərini məşğulluq işlərinə cəlb etmək mümkün olub. Qalan 55,2 min nəfərin hamısı da (62,1-6,9=55,2) bir nəfər kimi işsizlər ordusunun sıralarına qoşulmaq məcburiyyətində qalıb. Bu hal rəsmi işsizlik səviyyəsinin 18 faizdən çox artıması deməkdir. Reallıqda isə bu göstərici daha yüksəkdir. Çünki 5 aya iş yerlərini itirən 55,2 min nəfər deyil, 55,2 min ailədir. Tendensiya qalıcı olarsa, işsizlərin sıralarına əlavə qoşulanların sayı cari ilin sonunadək 132 min nəfəri üstələyəcək”,- Nemət Əliyev qeyd etdi.