ABŞ Dövlət Departamenti “Amerikanın səsi” radiosunun erməni xidmətinin Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həlli ilə bağlı suallarını cavablandırdı.
“Biz ötən ilin payızında Ermənistanla Azərbaycan arasında münaqişənin yenidən başlanmasının təsirindən dərindən narahatıq və regionda humanitar ehtiyacları dəqiq dərk edirik”.
ABŞ-ın dövlət katibi Blinkenin və Fransanın xarici işlər naziri Le Driananın bu yaxınlarda Vaşinqtonda keçirilmiş görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin müzakirə edilməsi məsələsinə toxunan Dövlət Departamenti bildirib ki, Fransa və ABŞ-ın diplomatik qurumlarının rəhbərlərinin Vaşinqtondakı görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi Ermənistan ilə Azərbaycan arasında möhkəm sülhə nail olmağa kömək edəcək birgə fəaliyyətlərdən danışıblar.
Dövlət Departamenti ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində sülh yolu ilə nizamlanmaya dəstək verdiyini də bəyan edərək vurğulayıb: “ABŞ ATƏT-in Minsk qrupunun həmsədrliyi prosesini dəstəkləyir və Helsinki Yekun Aktına – güc tətbiq etməmək və ərazi bütövlüyü, bərabər hüquqlar əsasında xalqların öz müqəddəratını təyin etməsi prinsipinə söykənərək tərəflərin münaqişənin daimi həllinə kömək etməyə sadiqdir”.