Rusiya Qarabağda dinc həyatın qurulmasına və Azərbaycanla Ermənistan arasında inamın möhkəmləndirilməsinə töhfə verməyə hazırdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Bir müddət öncə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan tərəfinin saxlanılan əsirləri Ermənistana qaytardığını xatırladan rusiyalı diplomat məlum məsələlərin hansısa ön şərt irəli sürülmədən tezliklə həllinə tərəfdar olduğunu qeyd edib və vurğulayıb ki, 2020-ci ilin dekabr ayından bəri Rusiya tərəfinin vasitəçiliyi ilə 97 hərbi əsir qaytarılıb. Onlardan 81-i erməni, 16-ı isə Azərbaycan tərəfinə qaytarılıb.
O, minalanmış ərazilərin xəritələrinin verilməsinin rəsmi Bakı üçün prioritet məsələ olduğunu, lakin bu məsələnin yekun həllinə nail olunmadığını da vurğulayıb.
Rusiya XİN rəsmisi qeyd edib ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər iyulun 7-də Moskvada RF Prezidenti Vladimir Putin və ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında keçirilmiş görş zamanı müzakirə edildi.
“Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsul olduğu zonada vəziyyət nisbi sabit olaraq qalır. Ayrı-ayrı insidentlər Azərbaycan və Ermənistandan olan həmkarlarımızla həll olunur. Rusiya sülhməramlılarına qarşı təxribatçı hərəkətlər qeydə alınmır”,- Mariya Zaxarova deyib.