İyulun 8-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan bir neçə şikayət üzrə qərarları elan edib.
Hüquqşünas Xalid Ağəliyevin Turan-a verdiyi məlumata görə, iki qərar jurnalistlər Elnur Məmmədov və İdrak Abbasovun azadlıqlarının pozulması, şəxsi toxunulmazlıq və ifadə azadlığı barədə şikayətləri ilə bağlıdır.
Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovun barəsində Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 10-cu (ifadə azadlığı) maddələri üzrə hüquqlarının pozulduğunu tanıyıb. Abbasovla bağlı 10-cu maddənin (ifadə azadlığı) pozulduğu tanınıb.
Strasburq məhkəməsi Məmmədova 6 min avro, Abbasova isə 4500 avro məbləğində pul kompensasiyası ödənilməsi barədə qərar qəbul edib.
Ərizəçilər məhkəmə xərclərilə bağlı daha 1000 avro alacaqlar.
Avropa İnsan Hüquqları Məhkəməsi həmçinin mərhum vətəndaş Əli Həsənovun Avropa Konvensiyasının 10-cu maddəsi üzrə hüquqlarının pozulduğunu tanıyıb və bu iş üzrə 1700 avro məbləğində kompensasiya ödənilməsini qərara alıb.