Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli yazır ki, Azərbaycanı dolandırmalı olan SOCAR indi dolanışıq yeri axtarır. Yeni açıqlanan maliyyə hesabatından aydın olur ki, 2020-ci ildə şirkət 1.750 milyard manat “zərərlə” işləyib. Eyni zamanda məlum olub ki, şirkətin qısa müddətli xarici borcları 6 milyard manata çatır, toplam borclar isə 11,219 milyard manatdır. Bütövlükdə şirkətin cari öhdəliklərinin həcmi 20,6 milyarda manata çatıb. Bu Azərbaycanın bir illik büdcəsinin haradasa 70-75 faizi deməkdir.
“Görünən odur ki, şirkət borc içində batır, öhdəliklər içində boğulur. Əslində SOCAR-ı batırırlar, diri-diri dəfn edirlər. Bu qədər borcun içində olan bir şirkət İsveçrədə onun natəmiz əməllərindən yazan Fuad Ağayevə qarşı iddia qaldırmaq üçün milyonlarla dollar vəsait sərf edir. Maraqlı burasıdır ki, dövlət budcəsi qarşısında öhdəliklərini yerinə yetirə bilməyən SOCAR Azərbaycana dəxli olmayan beynəlxalq idman yarışlarına yüz milyon dollarla pul xərcləyir. 2020-ci ildə Dövlət Neft Fonduna ödəməli olduğu 2 milyard 960 milyon manatı ödəyə bilməyən SOCAR, elə həmin il İsveçrədəki müxtəlif əməliyyatlardan və şəxsi adlara keçirilmiş yüzlərlə yanacaqdoldurma məntəqələrindən həmin ölkənin büdcəsinə aşağı-yuxarı 5 milyard dollar ətrafında “xeyir” verib.
SOCAR-ın borc girdabına düşməsi bir tərəfdən şirkətin “bədxərcliyi” ilə bağlıdırsa, digər tərəfdən onun hakim ailənin “sağmal inəyinə” çevrilməsi ilə bağlıdır. Həm də bu inəyi ilin bütün fəsillərində, aylarında, həftələrində, günlərində sağırlar. Az əvvəl məlum olmuşdu ki, SOCAR Monteneqroda 500 milyon dollara aldığı kurort şirkətin PAŞA Holdingə, yəni hakim ailəyə peşkəş edib. Bu hələ məlum olanıdır. Görün nə qədər məlum olmayan belə “əməliyyatlar” var.
Bu qədər borcun və öhdəliklərin içində boğulan şirkət az əvvəl 40 mərtəbədən ibarət 700 milyon manat dəyərində olan incəbelli bir ofis inşa edib. Bülə sürətlə müflisləşməklə SOCAR heç ofis xərclərini ödəyə bilməyəcək. Ona görə də, şirkət yoxsullaşdıqca indi onu büdcə “yönümlü” təşkilata çevirirlər. Burada məqsəd SOCAR-ın təhlükəli həddə çatmış borclarını büdcə hesabına kompensasiya etmək, qazın və işığın qiymətini qaldırmaqla şirkətin borcunun fakturasını millətə kəsməkdən ibarətdir. Qazın qiymətinin qaldırılmasına SOCAR “mütəxəssislərinin” gülməli izahat verməsi də, şirkətin belə ağlamalı vəziyyətə düşməsi ilə bağlıdır”,-deyə Həsənli qeyd etdi.