Bəzi təhlilçilər hesab edirlər ki, qiyməti qaldırmamaq və indiki pandemiya dövründə dolanışığı zəifləmiş əhalini qorumaq olardı. Məlumatı “Amerikaninsesi.org” yayıb.
Əhaliyə verilən təbii qazın qiyməti iyunun 30-da artırılıb. Belə ki, əhali qrupu üçün güzəştli limit 2200 kubmetrdən 1200 kubmetrə endirilib.
İqtisadçı Natiq Cəfərli hesablayıb ki, keçən il əhali qrupunun təqribən 20 faizi 2200-lik həddi keçmişdi.
Onun fikrincə, limit 1200-ə salınandan sonra hər üç ailədən ikisi bundan təsirlənəcək.
Başqa br iqtisadçı Zöhrab İsmayıl isə hesab edir ki, dövlət neft şirkəti SOCAR, qiyməti qaldırmadan, başqa mənbələr hesabına öz xərclərini azalda bilərdi.
ABŞ-da iqtisadiyyat professoru Qubad İbadoğlu isə deyir ki, kommunal xidmətlərin son günlər qaldırılması sanki dövlət siyasətinə çevrilib. Onun fikrincə, əslində qiymətləri qaldıran hökumətin məqsədi bu sahələrin özəl investorlara satılması planıdır:
“Kommunal xidmətlərin həyata keçirən qurumlar yeni investora təqdim edilənə qədər qiymətlər artırılır ki, qəzəb yeni investora yönəlməsin”.
Qubad İbadoğlu bildirir ki, qiymətlər qaldırılsa belə, qazın keyfiyyəti yaxşılaşmır, dəm qazından boğulmalar Azərbaycanda problem olaraq qalır.
Yerli və xarici media orqanlarında Azərbaycanda da kommunal xidmət sahələrinin özəlləşdirilə biləcəyi barədə vaxtaşırı xəbərlər dolaşsa da hələlik hökumətin bu sahədə hər hansı açıqlaması yoxdur.