Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer Moskvanın "İzvestiya" qəzetinə müsahibəsində bildirib ki, bu il Qırmızı Xaç Dağlıq Qarabağda öz missiyasının maliyyələşdirilməsini beş dəfə artıraraq 50 milyon dollara çatdırıb.
Komitə həmçinin Bakı və Yerevan arasında hərbi əsirlərin mübadiləsinə kömək etməyə hazırdır, lakin saxlanılan şəxslərin statusu ilə bağlı mübahisəni Azərbaycan və Ermənistan özləri həll etməlidirlər.
"Hazırda büdcəmiz 27 il öncə olduğundan təxminən dörd-beş dəfə çoxdur. Əvvəllər büdcəmiz təxminən 10-11 milyon dollar təşkil edirdi. İndi isə 50 milyon dollara yaxınlaşırıq və regionda öz iştirakımızı xeyli genişləndirmişik. Biz köçkünlərə, geri qayıdan adamlara kömək edirik. Hər iki tərəfdən məhbuslara baş çəkmək və onların ailələrilə əlaqələrin bərpasında iştirak ilə bağlı işlər də vacib olaraq qalır", -deyə o deyib.
- Hər iki tərəfdəki saxlanılanları ziyarət etdiyinizi söylədiniz. İndi Ermənistanla Azərbaycan arasında hərbi əsir mübadiləsi prosesi necə gedir?
İrəliləyiş əldə edilib, əsirlər evlərinə qayıdırlar, amma hələ də bəzi saxlanılan şəxslərlə bağlı mübahisələr gedir: onlar hərbi əsirlər hesab olunurmu, onların statusu necədir və onlar qayıda bilərmi?
- Azərbaycanda ölkədə qalan hərbi əsirlərin Ermənistandan təxribat hazırlayan təxribatçı olduqlarını iddia edirlər. Ona görə də Azərbaycan onları buraxmağa tələsmir. Qırmızı Xaç bu məhbusları ziyarət edirmi?
Bəli, Qırmızı Xaçın məhbuslarla birbaşa əlaqəsi var. Azərbaycan hökuməti bizə məlumat verdi ki, statusla (saxlanılanların) bağlı Ermənistan tərəfilə fikir ayrılığı var. Bu problemi Bakı və Yerevan öz aralarında həll etməlidirlər. Biz öz təcrübəmizi bölüşə bilərik, nəsə məsləhət verə bilərik, lakin müvafiq hökumətlər statusu özləri müəyyənləşdirməli və yekun rəy verməlidirlər. Hər iki tərəflə əlaqə saxlayırıq. Ümid edirəm ki, gələcəkdə Ermənistanda və Azərbaycanda olan bütün saxlanılan şəxslər üçün problemə bir həll yolu tapmaq mümkün olacaqdır.
- Azərbaycanda ermənilər hansı şəraitdə saxlanılır?
Biz buna açıq qiymət vermirik. Biz adamların saxlanma şəraitini qiymətləndirmək üçün baş çəkirik. Ancaq bildiyiniz kimi, bu, komitə üçün məxfi prosesdir. Biz müvafiq hakimiyyətlərə öz iradlarımızı bildirmək üçün regionda bütün hakimiyyətlərlə qarşılıqlı əlaqə saxlayırıq və hələlik bundan artıq bir şey deyə bilmərəm.
- 23 iyunda Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdünüz. Nəyi müzakirə etdiniz?
- İndiki məqamda humanitar məsələlərdə maraqlarımızın üst-üstə düşdüyü münaqişələri müzakirə etdik. Rusiya Federasiyası Müdafiə Nazirliyi ilə Dağlıq Qarabağ məsələsində, orada yerləşən rus qoşunları və sülhməramlıları ilə çox sıx əməkdaşlığımız var. Rusiya ilə Suriya mövzusunda çox yaxından işləyirik. Orada infrastrukturun bərpası da bizim və Rusiya üçün vacib məsələlərdən biridir.