BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) "Dünya İnvestisiya Hesabatı – 2021" (World Investment Report – 2021) adlı hesabatını yayımlayıb. Hesabatda COVID-19 pandemiyasının birbaşa xarici investisiyalara da ciddi təsiri qeyd edilib. Bu üzdən, ötən il dünyada qeydə alınan birbaşa xarici investisiyaların məbləği əvvəlki illə müqayisədə 35 faizədək azalıb.
Hesabata görə, ötən il Azərbaycana yatırılan xarici birbaşa investisiyaların həcmində də ciddi azalma baş verib. 2019-cu ildə ölkəyə 1 milyard 504 milyon dollar xarici investisiya yatırılmışdısa, ötən il bu rəqəm cəmi 507 milyon dollar olub. Bu, bir il içində 66 faiz azalma deməkdir və dünya ortalamasından təxminən iki dəfə yüksək göstəricidir.
Azərbaycanın xarici ölkələrə yatırdığı birbaşa investisiya məbləğində də ciddi azalma baş verib. Xarici ölkələrə 2019-cu ildə 2 milyard 432 milyon dollar, 2020-ci ildə isə 825 milyon dollar investisiya yatırılıb. Bununla belə, Azərbaycan xarici ölkələrə yatırdığı investisiya həcminə görə keçid ölkələri arasında Rusiyadan sonra (6.3 milyard dollar) ikinci ölkə olub. Qurum "keçid ölkələri" bölgüsünə keçmiş Baltikboyu ölkələr istisna olmaqla, sovet respublikalarını, eləcə də Serbiya, Albaniya, Şimali Makedoniya, Bosniya və Herseqovina və Monteneqronu aid edir.