İfadə azadlığını müdafiə edən "Kanada jurnalistləri söz azadlığı uğrunda" təşkilatı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayaraq jurnalist və hüquq müdafiəçisi Elçin Məmmədin həbsdə saxlanması ilə bağlı narahatlığını bildirib. Təşkilat Azərbaycan rəhbərliyini onun azad edilməsinə nail olmaq üçün müdaxilə etməyə çağırır. Məlumatı “Turan” agentliyi yayıb.
Müəlliflər qeyd edirlər ki, Elçin Məmməd həbsdən sonra amansız rəftara məruz qalıb, onun səhhəti və təhlükəsizliyilə bağlı vəziyyət pisləşib.
"Nə qədər ki Elçin Məmməd həbsdədir, onun sağlamlığına və təhlükəsizliyinə dəyən ziyana görə məsuliyyət Azərbaycan hökumətinin üzərində qalacaq. Odur ki, sizin hökuməti Elçin Məmmədin mümkün qədər tez azadlığa buraxılması üçün müdaxilə etməyə çağırırıq”, - müraciətdə deyilir. Əks təqdirdə, bu, Məmmədə qarşı ittihamların siyasi motivli və əsassız olduğunun təsdiqi olacaq.
Xatırladaq ki, 17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Elçin Məmmədi "oğurluq", "hərbi sursat və silahın qanunsuz saxlanması"nda təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib.
Elçin Məmməd cinayət işini öz hüquq-müdafiə fəaliyyətilə əlaqələndirir. Beynəlxalq təşkilatlar - Amnesty International, PEN, FİACAT və digərləri Elçin Məmmədin həbsini pisləyiblər. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.