ABŞ hərbi kontingentinin əsas hissəsini Əfqanıstandan çıxardıqdan sonra, çox güman ki, təxminən 650 nəfərlik əsgərini orada saxlayacaq. Bu barədə rəsmi mənbəyə istinadən “The Associated Press” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, qoşunların əsas hissəsi geri çəkildikdən sonra diplomatların təhlükəsizliyini təmin etmək üçün təxminən 650 nəfərlik ABŞ hərbçisi Əfqanıstanda qala bilər. Bundan başqa, bir neçə yüz ABŞ əsgəri təhlükəsizliyin qorunmasında Türkiyə hərbçilərinə kömək məqsədilə sentyabr ayına qədər Kabil hava limanında qalacaq. Agentliyin bildirdiyinə görə, bu, Türkiyə rəhbərliyi tərəfindən təhlükəsizliyin təminatı üçün daha rəsmi əməliyyat aparılana qədər atılacaq müvəqqəti bir addım olacaq.
Yazıda qeyd edilir ki, ABŞ və beynəlxalq qüvvələrin mühüm hissəsi Əfqanıstandan 4 iyul tarixində və ya ondan qısa müddət sonra çıxarılacaq.