Beynəlxalq Valyuta Fondu (IMF) nizamnaməsinin IV maddəsi üzrə missiyanın Azərbaycana dair hesabatı yayımlanıb. Həmin nizamnaməsinin IV maddəsi çərçivəsində məsləhətləşmə və makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar həyata keçirilir. Budəfəki missiya 2021-ci ilin aprel və may aylarında virtual olaraq gerçəkləşdirilib.
“Amerikaninsesi.org” saytına əsasən, qurumun hesabatında bildirilir ki, ölkə iqtisadiyyatının məhsuldarlığının artırılması və dayanıqlı inkişaf üçün Azərbaycanda struktur islahatlara ehtiyac var. IMF analitiklərinin fikrincə, Azərbaycanda bu fəaliyyət daha çox dövlətə məxsus olan şirkətlərin idarəetməsinin yaxşılaşdırılması, rəqabətə həvəsləndirmə, şəffaflığın və hesabatlılığın artırılması, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, təhsil, səhiyyə və sosial müdafiə kimi sahələri əhatə etməlidir. Ölkənin inkişaf perspektivlərini artırmaq və yeni iş yerlərinin açılmasına şərait yaratmaq baxımından, ölkə iqtisadiyyatının mütləq şaxələndirilməsi vurğulanır. Ölkə iqtisadiyyatının gözlənilməz şoklara dayanıqlı hala gətirilməsindən ötrü də islahatların vacibliyi qeyd edilib.
Fondun hesabatında pandemiya ilə mübarizə tədbirləri çərçivəsində pul-kredit siyasətinin lazımi dərəcədə yumşaldıldığı bildirilib. Ancaq, eyni zamanda, qeyd edilir ki, ölkə iqtisadiyyatında zəif pul-kredit transmissiyası ucbatından bank kredit faizləri yalnız orta dərəcədə azalıb və yüksək səviyyədə qalmaqda davam edib. Pul siyasətinin transmissiya mexanizmi dedikdə, Mərkəzi Bankın pul siyasəti qərarlarının iqtisadiyyata təsiri (ötürülməsi) prosesi nəzərdə tutulur.