İyunun 22-dən Azərbaycan Hərbi Dəniz Qüvvələrində taktiki təlimlər başlayıb.
Müdafiə Nazirliynin məlumatına görə, döyüş və təminat gəmiləri, eləcə də dəniz piyadalarının iştirakı ilə keçirilən təlimlərdə məqsəd Xəzər dənizinin ölkəyə məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və Hərbi Dəniz Qüvvələri birləşmələri tərəfindən birgə döyüş əməliyyatlarının aparılmasıdır.
“İki mərhələdə keçirilən təlimlərdə döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdiriləcək.
Təlimlərin birinci mərhələsində gəmi və katerlər döyüşə və səfərə hazırlanacaq, düşmənin suüstü hücum vasitələrini və üzən minalarını məhv edəcək, eləcə də təyin olunmuş rayonda lövbərə duraraq universal müdafiəni təşkil edəcəklər. Təlimlərin ikinci mərhələsində Xəzər dənizinin ölkəyə məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsi, qəzaya uğramış gəmiyə yardımın göstəriməsi nəzərdə tutulub”, - məlumatda deyilir.
Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov bildirirb ki, taktiki təlimlərdə 1 000 nəfərə yaxın şəxsi heyət, 43 gəmi və kater, 2 helikopter iştirak edəcək.
Təlimlər iyunun 23-dək davam edəcək.