“Mən ölkəmi tərk etmək istəyirəm. Burada yaşamaq çətindir. Ailəmin yaşaması, ərzaq təminatı, uşaqlarımın təhsili, müalicəsi, geyim təminatı üçün heç bir imkanım yoxdur. Əslində ölkəmi tərk etmək ağlıma da gəlməzdi. Amma, ailəmi buna məcbur edirlər. Bu səbəbdən ailəmə sığınacaq verilməsi üçün xarici ölkələrin səfirliklərinə müraciət edəcəm. Ölkəmdə Əfqana qarşı, müstəqil jurnalistə qarşı münasibət hərbi əsirə qarşı münasibətdən ağırdır. Əfqan ölür, ona reaksiya verən yoxdur. Bütün orqanları sıradan çıxıb. Böyrəyində problem yaranıb. İmmuniteti zəifdir. Ayağa qalxa bilmir. Təzyiqi çox aşağıdır. Qanından şəkər çıxıb. Ağ ciyərinin 80 faizində ləkə yaranıb. Sağlamlıq durumu ilə bağlı arayış da vermirlər.”
Bu barədə həbsxanada 227 gündür aclıq edən Azel TV xəbər portalının baş redaktoru Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib.
Həyat yoldaşı bildirir ki, jurnalist aclıq etdiyi dövrdə 50 kiloqram çəki itirib.
Əfqan Sadıqov Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib. Ali Məhkəmədə jurnalistin kassasiya şikayətinə hakim İlkin Rəcəbovun sədrliyi ilə iyulun 2-də baxış başlayacaq.
Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.
Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib. Sadıqov 2020-ci il noyabrın 3-dən məhkəmənin qərarına etiraz olaraq aclıq edir və bu gün artıq 213 gündür aclığı davam etdirir.
2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.