Azərbaycan XİN-də Azərbaycan ilə Rusiya arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Məsləhətləşmələrdə Azərbaycan tərəfini XİN-in müavini, Azərbaycan prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiya tərəfini isə XİN-in xüsusi tapşırıqlar üzrə səfiri, RF Prezidentinin MDB üzv dövlətləri ilə RF dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi Mixail Petrakov təmsil edib.
Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası ilə bağlı məsələlər, dövlət başçıları səviyyəsində növbəti Xəzər Zirvə Toplantısına hazırlıqla əlaqədar tədbirlər müzakirə edilib, eləcə də Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri danışıqların mövzusu olub.
Görüşdə, həmçinin Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclasının keçirilməsi və gündəliyinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.