Azərbaycan DTX-nin saytında yer alan məlumatda bildirilib ki, DTX-nin Ukrayna xüsusi xidmət orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin silahlı birləşmələrinin fəaliyyətində iştirak etdiyinə görə barəsində DTX-də aparılan cinayət işi üzrə axtarış elan edilmiş Azərbaycan Respublikasının vətəndaşı 1979-cu il təvəllüdlü Mirismayıllı Mirəhəd Tofiq oğlu Ukrayna ərazisində müəyyən edilərək saxlanılıb və Azərbaycana gətirilib.
Mirəhəd Mirismayıllı Suriyada Hacıyev Aqil Tağı oğlunun başçılıq etdiyi “Cundu Şam” adlı cinayətkar birliyin fəaliyyətində iştirak etmək üçün 20 iyun 2013-cü il tarixdə adıçəkilən ölkəyə gedərək orada aparılan silahlı münaqişələrdə digər Azərbaycan Respublikası vətəndaşları ilə birgə iştirak etməkdə şübhəli bilinir.
Həmçinin müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının bir qismi həmin bölgələrdə davam edən silahlı münaqişələr zamanı öldürülüb.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.