Rusiya baş nazirinin müavini Alesey Overçuk “Rossiyskaya Gazeta”-ya müsahibədə üçtərəfli komissiyanın müzakirə etdiyi məsələlər barədə danışıb. O qeyd edib ki, üçtərəfli işçi qrup çərçivəsində regionun deblokada olunması barədə predmet müzakirələr gedir və problemin açarı Ermənistanın blokadadan çıxarılmasıdır.
“Üçtərəfli işçi qrup çərçivəsində regionun deblokada olunması barədə predmet müzakirələr gedir. Bu problemin açarı Ermənistanın blokadadan çıxarılmasıdır. Ermənistan müstəqillik qazandıqdan sonra faktiki olaraq mühasirədə olan bir ölkədir.
Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat əlaqəsinin yaradılması müzakirə olunur. Bununla yanaşı, Ermənistandan Azərbaycan vasitəsilə ilə Rusiyaya, həmçinin, Ermənistan və Rusiyadan Naxçıvan vasitəsilə İrana hərəkət imkanları gündəmdədir. Bununula yanaşı, Ermənistanın Mərkəzi Asiya respublikalarına və əks istiqamətdə məhsulların daşınması üçün Azərbaycanın Xəzər dənizindəki limanlarından istifadə etmək olacaq”,- Rusiya baş nazirinin müavini dedi.
Aleksey Overçuk qeyd etdi ki, bölgədəki nəqliyyatın blokadadan çıxarılması Rusiya, AİB və bütün qonşu ölkələr üçün vacibdir. Ermənistan yalnız Fars körfəzindəki limanları Qara dəniz limanlarına bağlayan ölkə deyil, eyni zamanda Baltika və Sakit okeandakı Rusiya limanlarını birləşdirən böyük bir beynəlxalq nəqliyyat mərkəzinə çevriləcək, eyni zamanda yeni bazarlara çıxış imkanı olduğu üçün öz istehsalını genişləndirə biləcək.