Həbsdə saxlanılan bloger Elçin Həsənzadə Azərbaycan Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb. Bu barədə Həsənzadə “Amerikanın Səsi”nə bildirib.
Həbsdə saxlandığı müddətdə onun ürəyində və böyrəyində problemlər yaranıb.
O, korrupsiyanı ifşa etdiyinə görə həbs olunduğunu dövlət başçısına, beynəlxalq qurumlara və mediaya çatdırmağı xahiş edib.
“Dövlət başçısı özü medianı haqsızlığı, əsasən də korrupsiyanı ifşa edintməyə, ona qarşı mübarizədə kömək etməyə çağırmışdı. Mən də korrupsiyanı çəkib göstərmişəm. Ona görə məni həbs ediblər. Mən statusumda “iribuynuzlu məmur” yazmışam, bunu təhqir hesab edib 8 ay həbs veriblər”, deyə o bildirib.
Xatırladaq ki, bu il martın 2-də Şəki Apellyasiya Məhkəməsi hakim Rəfael Əliyevin sədrliyi ilə blogerlər Elçin Həsənzadə və İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay həbsə məhkum edib.
Blogerlər barəsində 2020-ci ilin iyununda Mingəcevir şəhər Mənzil İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev xüsusi ittiham qaydasında iddia qaldırıb. İddiaya sosial şəbəkələrdə məmur haqqında tənqidi nəşrlər səbəb olub.
2020-ci il noyabrın 16-da Mingəçevir Şəhər Məhkəməsi hər iki blogeri islah işlərinə məhkum etmişdi, amma apellyasiya məhkəməsi cəzanı real həbs müddəti ilə əvəz edib.
Həsənzadə həmçinin hüquq müdafiə fəaliyyəti ilə məşğul olurdu, keçmişdə isə Sumqayıtda dərc olunan “Yüksəliş Naminə” qəzetinin redaktor müavini olub.