Avropa Şurası Nazirlər Komitəsi bir daha Azərbaycan hakimiyyətini "Məmmədli Azərbaycana qarşı” işlər qrupu üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının tələb etdiyi kimi, hüquq müdafiəçilərinin və hökumət tənqidçilərinin hüquqlarını dərhal bərpa etməyə çağırıb. “Turan” agentliyinə əsasən, komitənin bu qrup üzrə aralıq qətnaməsi iyunun 9-da Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına nəzarət komitəsinin iclasının yekunlarına əsasən dərc edilib.
Qətnamədə bu qrupda hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, NİDA fəalları Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Bayram Məmmədov, Qiyas İbrahimov və Respublika Alternativi Partiyası Siyasi Şurasının üzvü Natiq Cəfərlinin adları çəkilir.
Nazirlər Komitəsi xatırladır ki, Avropa Məhkəməsi bu qrupdakı hər bir ərizəçinin barəsində Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci və 5-ci maddələrinin pozulduğunu müəyyən edib.
"Cinayət hüququndan sui-istifadə zamanı hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin əsassız həbslərinin həyəcanlı mənzərəsi" aşkarlanıb.
Komitə pozuntuların köklü səbəblərinin aradan qaldırılması üçün məqsədyönlü və effektiv addımlar atmaqla, əsasən də prokurorluğun və məhkəmə sisteminin müstəqilliyini möhkəmləndirməklə bağlı hakimiyyətə öz qətiyyətli çağırışını təsdiqləyib.
Komitə vətəndaşların böhtan və təhqirə görə özbaşına təqibini, ifadə azadlığının məhdudlaşdırılmasını istisna edən ümumi tədbirlər görülməsi, o cümlədən Cinayət Məcəlləsinə düzəlişlər edilməsilə bağlı Azərbaycan hakimiyyətinə çağırışını təkrarlayıb.
Komitə 2021-ci ilin dekabrında bu məsələlərin müzakirəsinə qayıdacaq.