Ən vacib məsələ xarici təhlükəsizliyimizi təmin etməkdir. Bunu ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan "Mülki Müqavilə" partiyasının seçkiqabağı proqramını təqdim edərkən bildirib.
Paşinyan qeyd etdi ki, bu məsələnin həlli üçün ilk öncə diplomatiyamız və xarici siyasətimizdən, ikincisi, Ermənistanda peşəkar ordu yaratmaq üçün Silahlı Qüvvələrimizin, ordumuzun islahatlarından istifadə etməliyik.
“Peşəkar ordunu müqaviləli ordu ilə qarışdırmamağınızı xahiş edirəm”,-Paşinyan vurğuladı və qeyd etdi ki, hərbçilərin döyüşə hazırlıq səviyyəsini yüksəltmək yolu ilə gedəcəklər.
“Biz bu yolla gedəcəyik. Bu bizim proqramımızdır. Bu çox çətin, lakin eyni zamanda ictimaiyyətdə ətraflı müzakirə edilməsinə ehtiyac olmayan bir proqramdır. Vurğulamaq istəyirəm ki, təhlükəsizliyimizin təmin olunmasının əsas komponenti nə qədər qəribə olsa da, 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatdır. Üçtərəfli bəyanatı imzalayan bütün tərəflərin öz öhdəliklərini tam yerinə yetirməsi üçün əlimizdən gələni etməliyik. Ermənistan Respublikası bu günə qədər öhdəliklərini yerinə yetirib və bu istiqamətdə konstruktiv işləyir”,-deyə Paşinyan qeyd etdi.
Nikol Paşinyan regionda kommunikasiyaların açılması məsələsinə toxunaraq deyib: “ER hökuməti dəhliz məntiqində olan heç bir məsələ müzakirə etmədi, etmir və etməyəcəkdir. 9 noyabr bəyanatında regional kommunikasiyaların açılması ilə bağlı hissənin nə demək olduğunu anlamaq istəyirsinizsə, 11 yanvar tarixli Moskva üçtərəfli bəyanatını oxuyun, çünki bu bəyanatda bu məqamın mənası açıq şəkildə izah olunur”.