Fransanın Nant şəhərində yaşayan azərbaycanlı bloger, bundan əvvəl odlu silahla, bıçaqla hücumlara məruz qalmış Məhəmməd Mirzəli bildirib ki, onu hələ də hədələyirlər və həyatı təhlükədədir.
Bloger bu barədə tvit yazıb: “Mən bunu hiss edirəm. Çox tezliklə Əliyev rejimi məni öldürəcək. Əgər mənə burda sui-qəsd olsa, bunun iki günahkarı olacaq: Birincisi, əlbəttə Əliyev, ikincisi isə Fransa hökumətinin laqeydliyi”.
Qeyd edək ki, iyunun 2-də naməlum şəxs blogerin yaşadığı evə girməyə cəhd etsə də, Mirzəli polis çağırarkən qaçıb. Sonra Mirzəli avtomobilinin pəncərəsinin sındırıldığını və içəridə hədə-qorxu dolu bir kağız qoyulduğunu görüb.
Xatırladaq ki, 2020-ci il, oktyabrın 6-da Mirzəli Nant şəhərində öz maşınına minib sürmək istəyəndə qaranlıqdan bir nəfər peyda olub və onun maşınının qapısını açmaq istəyib. Həmin adam daha sonra tapança çıxarıb və atəş açıb. Mirzəli çiynindən yaralansa da, maşını sürüb uzaqlaşa bilib.
Mart ayında isə ona Nant şəhərində günün-günorta çağı bıçaqla hücum ediblər. O yaralanıb və üç litrədək qan itirib. Həkimlər 6 saatlıq əməliyyatla onun həyatını xilas ediblər.
Hazırda blogerin “Made in Azerbaijan” YouTube kanalının 268 min abunəçisi var. Kanaldakı videolarda Əliyevlər ailəsi, xüsusilə də prezident və onun xanımı çox sərt şəkildə tənqid olunur.