Bir qrup Qarabağ müharibəsinin iştirakçısı Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında aksiya keçirib.
“Meydan TV”ə əsasən, müxtəlif bölgələrdən gələn aksiya iştirakçıları diqqətsizlikdən şikayət ediblər.
“Hər dəfə deyirlər ki, gözləyin, baxılacaq, işlə təmin ediləcəksiniz. Bu gün sabaha salırlar və baxan yoxdur. Axırda qərara gəldik ki, toplanıb nazirliyə gələk”, - şikayətçilərdən Nazim Cavadov belə deyib.
“Televiziyada deyirlər ki, guya qazilər hər şeylə təmin edilib, ancaq yalandır. Müharibədən əvvəl “Azərişıq”ın nəzdində bir şirkətdə çalışırdım. Qayıdandan sonra qaldığım yerdən davam etmək üçün idarəyə getdim, dedilər ki, başına çarə qıl, iş yoxdur. Mən də işsiz qaldım, dolanışıq da pis gündədir”, - Nazim Cavadov bildirib.
Başqa bir şikayətçi Nəsimi Dadaşov isə deyir ki, nazirin qəbuluna düşmək üçün gəliblər, ancaq görüşə bilmirlər.
O deyir ki, artıq bu süründürməçiliyə dözmür: “Etirazımızın səbəbi də sırf etinadsızlıq, diqqətsizlik, süründürməçilikdir”.
Etirazçıların əsas şikayəti işlə bağlıdır. Özünüməşğulluq proqramlarına baş vurublar, ancaq cavab almırlar və dolanışıqları çətinləşib.
“Bu ölkədə ancaq varlıların sözü keçir, bizə baxan yoxdur. Mən dəfələrlə müraciət etmişəm özünümışğulluq proqramlarına, ancaq mənə normal iş verən yoxdur. Sonuncu dəfə də dedilər ki, gəl süpürgəçi ol. Mən buna görə can qoymuşam? Müharibədən əvvəl fəhləəlik edirdim. İndi də söz verirlər ki, avtomobil yumaq üçün balaca bir yer verəcəklər mənə. Get-gələ salıblar, vermirlər”- deyə Günəşli kəndindən gəlmiş Ruslan Abbasov qeyd edib.