ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, Fransaya səfər çərçivəsində Milli Assambleyanın sədri Rişar Feran ilə görüşüb.
Milli Assambleyanın sədri Nikol Paşinyanın Parisə səfərini alqışlayıb, onu ad günü münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nikol Paşinyan səmimi qəbula görə təşəkkür edərək qeyd edib ki, Ermənistan bütün çətin anlarda Senat və Milli Assambleyanın deputatları da daxil olmaqla dost Fransanın dəstəyini hiss edib.
Nikol Paşinyan, Artsax müharibəsindən sonra Ermənistandakı vəziyyətə toxunaraq qeyd edib ki, əsas problem ölkənin ətrafındakı təhlükəsizlikdir. Baş nazir vəzifəsinin icraedicisi Ermənistan-Azərbaycan sərhədindəki hadisələrin təffərüatlarını təqdim edib və bu vəziyyətdə Fransanın dost münasibətini vurğulayıb. Nikol Paşinyan, Ermənistanın beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək sərhəd vəziyyətini diplomatiya yolu ilə həll etməyə çalışdığını qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Nikol Paşinyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu prosesdəki fəal rolunu vurğulayıb. O, həmçinin Fransa Senatı tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin vacibliyini və erməni əsirlərinin geri qaytarılması üçün qəbul edilmiş qətnamələrin vacibliyini vurğulayıb.
Rişar Feran, Cənubi Qafqazda gedən prosesləri diqqətlə izlədiklərini bildirib: “Fransa Ermənistanın yanındadır, xahiş edirəm mesajımızı erməni xalqına çatdırın. Ermənistanda sabitlik və firavanlıq yaratmaq üçün əlimizdən gələni edəcəyik. Siz həmişə bizə güvənmişsiniz, indi və gələcəkdə də bizə etibar edə bilərsiniz".
Fransa tərəfi bir daha Ermənistanın ərazi bütövlüyünün qorunmasını, Azərbaycanda saxlanılan hərbi əsirlərin tezliklə geri qaytarılmasını və Dağlıq Qarabağdakı erməni mədəni irsinin qorunmasını, bu məsələdə UNESCO-nun iştirakını vurğulayıb.
Eyni zamanda bildirilib ki, Fransa Milli Assambleyasında erməni əsirlərin geri qaytarılması ilə bağlı yeni qərar hazırlanır, habelə Ermənistan-Fransa parlament dostluq qrupunun Ermənistana səfəri planlaşdırılır.
Görüş zamanı tərəflər Cənubi Qafqaz bölgəsindəki vəziyyəti, Ermənistanda keçiriləcək seçkiləri, Ermənistanda demokratik islahatların həyata keçirilməsini və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.