Mayın 31-də Almaniyadan deportasiya edilən Azərbaycan vətəndaşı İlkin Ələkbərovun özünə xəsarət yetirdiyi deyilir.
Bildirilib ki, Azərbaycan vətəndaşı İlkin Ələkbərov onu aparmağa gələn miqrasiya idarəsi və polis əməkdaşlarının gözü önündə özünə xəsarət yetirib.
"Report.az" onun deportasiyaya etiraz edərək, ülgüclə qol damarlarını kəsdiyini yazıb: "Hadisə yerinə təcil yardım çağırılıb, yaralı xəstəxanaya çatdırılıb. Xəstəxanadan İlkin Ələkbərovun vəziyyətinin orta-ağır olduğunu deyilib".
Son məlumata əsasən, İ.Ələkbərov Azərbaycana göndərilib.
Miqrasiya məsələləri üzrə hüquq müdafiəçisi Əlövsət Əliyev Meydan TV-yə deyib ki, martın 30-da 62 nəfər Azərbaycan vətəndaşı deportasiya olunub: "Mayın 29-da isə 42 nəfər eksptradisiya edilib. Bizdə olan məlumata görə son 1 ayda qeyd olunanlarla yanaşı təkcə Fransaya deportasiya və ekstradisiyadan xilas olmaq üçün gedənlərin sayı 37 nəfərdir".