Ötən il Azərbaycanda rəsmi işsizlik səviyyəsi 7 faizi ötüb. Bu göstərici uzun illərdir açıqlanan rəsmi rəqəmdən 2 faiz çoxdur.
Beynəlxalq Valyuta Fondunun son hesabatına görə isə, 2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 5.8 faiz təşkil edirdi.
İqtisadçı Natiq Cəfərli isə “AzadlıqRadiosun”a bildirib ki, beynəlxalq maliyyə qurumları məcburən ancaq hökumətin rəsmi statistik məlumatlarının analizi ilə proqnoz verə bilirlər.
Onun sözlərinə görə, koronavirus pandemiyası vaxtı dövlətdən işsiz kimi yardım alan 600 min nəfər beynəlxalq təşkilatlara müvəqqəti iş yerini itirmiş insanlar kimi göstərilir. N.Cəfərli qeyd edib ki, Azərbaycanda 5.8 milyona yaxın əməkqabiliyyətli insan var: "Onlardan rəsmi müqavilə ilə çalışanların sayı 1.6 milyondur. Yerdə 4.2 milyon insan qalır. Azərbaycan hökuməti deyir ki, onlardan 1.5 milyon nəfər fermerdir. Yəni, hökumət adına kiçik torpaq sahəsi olanları artıq işsiz saymır".
O vurğulayıb ki, təqribən 600 min insan da fərdi sahibkarlıqla məşğuldur: "Belə olan halda, yerdə qalan 2.6 milyon əməkqabiliyyətli insanın işsiz olduğu görünür. Amma bizdə rəsmiləşdirilməyən iş yerləri var və orada, müxtəlif hesablamalara görə, 1 milyon insan çalışır. Bunları da nəzərə alsaq, Azərbaycanda 1.6 milyon insanın işsiz olduğunu söyləmək mümkündür".