Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının mayın 27-də keçirilən iclasında Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə çağırıb.
Paşinyan vəziyyətin gərgin olduğunu qeyd edərək vurğulayıb ki, bu təxribat çözülməsə genişmiqyaslı toqquşmaya səbəb ola bilər.
“Mən həll yolunu təklif etmək istəyirəm, vəziyyətin diplomatik və sülh yolu ilə gərginliyi azaltacaq həllini təklif etmək istəyirəm.
Təklif budur - Hər iki tərəfin silahlı birləşmələri, yəni Silahlı Qüvvələrin bölmələri sərhəd bölgələrindən geri çəkilməli, həmin ərazilərdə Rusiya və ya ATƏT-in Minsk qrupunun həmsədrlərini təmsil edən beynəlxalq müşahidəçilər yerləşdirilməlidir. Söhbət Sotk-Xoznavar hissəsindən gedir”.
Paşinyanın sözlərinə görə, belə müşahidəçilərin olması hər iki tərəfin razılaşmanın şərtlərinə əməl etməsini təmin edər.
“Əgər Azərbaycan həqiqətən də sərhəd məntəqələrini müəyyənləşdirmək istəyirsə, o belə bir plandan imtina etməməlidir. Bu bəyanatımı rəsmi mövqe kimi Rusiyaya, ATƏT-in Minsk qrupunun həmsər ölkələrinə və Azərbaycana ünvanlayıram. Ümid edirəm ki, bu təklif qəbul olunacaq. Əgər biz bu yolla getməsək vəziyyət nəzərətdən çıxacaq. Buna icazə verə bilmərik.”.